Baş hərfi “E” .

“E” – ümid dolu gəncliyimin pıça çıxmış arzularının qatili. Ömrümün ən şirin anlarını acıya çevirən ilanların ən zəhərlisi. Əlifbada ən çox mənə səni xatırladan baş hərfi “E” olan amansız sevgilim. Hər nə desəm azdı sənə, sən ey rəhmsizlər, rəhmsizi.
Yox bəlkə də heç zaman, bir ömür boyunca oxumayacaqsan sənə yazdıqlarımı, giley dolu hekayəmi. Və ya varlığımdan, yazılarımdan xəbərsiz yaşayacaqsan gələcəyini. Bir dəfə də yadında düşməyəcəyimi düşünürəm, çünki sənin xasiyyətinə yaxşı bələd olduğumdan deyirəm bunları. Qışqırsam eşitməyəcək, yazsam oxumayacaq, ağlasam duymayacaq, ölsəm ağlamayacaqsan. Bilirəm bütün bunların heç bir dəyəri yoxdur sənə, çünki sən sənə qiymət verənlərin qiymətini anlamayacaq qədər xudbinsən. Yeddi il bundan öncə necə idinsə eləcə də qalmısansa acıyıram sənə həyat yoldaşım deyən (rəqibim olmağına rəğmən) o insanın gününə. Yox yəqin ki, burda yanıldım, nə bilim bəlkə o səndən də betər xudbinin biridir, sən onun yanında toya getməli biri imişsən. Hər halda fərziyyələr çox ola bilər, ancaq bir həqiqət var ki, sən hər hansı bir kişinin xanımı, qadınısan. Sənə yalnız və yalnız xoşbəxtlik diləməyə çatır gücüm. Mən qarğış üçün yox, alqış üçün yarandığımdan məndən ancaq bunu gözləyə bilərsən.
“E” – bilirəm oxumayacaqsan yazdıqlarımı. (Ancaq unutma ki, mən bir yazaram, dərdlərimin yazarı. Sənsiz yaşaya bildimsədə, yazmasam yaşaya biləcəyimə inanma. Həyatda ən etibarlı dostum ilhamımdır, çünki məhz o kədərimdə, sevincimdə mənimlə qoşa addımlayır, heç zaman məni tərk edib getmir, uzaqlaşmnır yanımdan). Sən oxumasan belə minlər, bəlkə də milyonlar oxuyacaq yazdıqlarımı, çünki hər kəs özünü tapacaq yazdıqlarımda.Çoxları bəlkə də öz vəfasız sevgilisinin baş hərfini yazacaq sənin baş hərfin olan “E” nin yerinə. Bir tək sən oxumayacaqsan, xəbərsiz qalacaqsan yazdıqlarımdan. Qəribədir deyilmi? Axı bir zamanlar ilk oxucusu sən idin hər nə yazırdımsa, qəzet oxumayan sən mənə görə izləyirdin ədəbi mətbuatı.( özün filologiyada oxumağına rəğmən.İnsafən bunu da deməliyəm. ”Sən əlaçı idin, sözün əsl mənasında əlaçı.Sənə qrup yoldaşlarım oxumağına görə həsəd aparanda, mənsə sənə qovuşmaq üçün alışırdım”). Mənə görə ilk dəfə Yazıçılar Birliyinə ayaq basmışdın, axı o gün, mənim ikinci kitabım olan “ Məni Sevgi Yaratdı” kitabımın təqdimatı idi. Bir tək gözüm səni gəzirdi onlarla insanaların arasında, görkəmili yazıçılar, şairlər, qohumlar, dostlar arasında bir tək sənə görə həyəcanlı idim, çünki təndiq edilsəydim məhz sənin yanında utanacaq, qızaracaqdım. Şükürlər ki, yanında bir o qədər də acizləşmədim o gün. Tənqidlərlə yanaşı tərifləndim də. Nə bilim bəlkə səndə qürurlanmışdın, axı sənin sevgilinin kitabının təqdimatı idi. Onu hər gün intizarda qoymağına rəğmən, o səndən bir an olsun belə ayrılmaq istəməyən aşiq idi. Deyəsən səni şikayət edə-edə özümü də təriflədim bir az. Heç yaxşı çıxmadı.Yoxsa son illər ərzində mən də xudbinləşmişəm. Yox bu ola bilməz, ona görə ola bilməz ki, bir şair heç zaman xudbin ola bilməz, kim nə deyir desin, mən şairlərin xudbin ola biləcəyinə inanmıram. Hə, nə isə uzaqlaşmayım sənin atmosferindən. Hər necə olsa sənin havanın da öz gözəlliyi inkaredilməzdir. Çünki, sənin havan mənə ilham vermiş, dərin – dərin düşünməyimə səbəb olmuşdur. Amma nəticədə heç bir şey səni qaytara bilməz. Sən elə sənsən. Üzərimə səni yazılarımda yaşatmaq düşür sadəcə və inanıram ki, sən o yazılarda sonsuzadək yaşayacaqsan. Çünki hər şeydə bir az sən varsan və sən olan hər şey gözəldir, əvəzsizdir. Sənə aid “şah əsər”imi nə zaman yazacağımı bir ulu tanrıdan başqa heç kim bilmir.
Baş hərdi “E”- indi bilmirəm haralardasan. Azacıq eşitmişəm ipindən-qulağından. Eşitmişəm ki, ailəlisən, bir qızın var, işləmirsən.( Təəssüf ki, o qədər oxumağın sonunda işsizsən. Bəlkə, həyat yoldaşın razı deyil işləməyinə, yaxud ehtiyacın yoxdur işləməyə. Çox şey düşünmək olar , ancaq nəticədə işsizsən). Xoşbəxtsənmi, yaxud əksinə. Hər nə olursan ol onsuzda həyatda hər şey nisbidir Eynşteyn misalı.
Baş hərfi “E”- aradan yeddi il keçib. Düşünürsən 7 il, zarafat deyil, bir igidin ömrü deyib babalar. Həyatımda nələr olub keçib saymaqla qurtarmaz “E”. Uğurlarım da olub, itirdiklərim də. Ən başlıcası səni itirmişəm, bundan sonra itiriləcək nəyim var ki…Hər nə itirsəm yenə sənin yoxluğunun yanında heç nə olacaq. Bu yaxınlarda üçüncü kitabımın nəşrinə hazırlaşıram, xəyal edə bilmirəm sənsiz keçiriləcək kitabımın təqdimatını. İnanmazsan bəlkə də, yazarkən nələr keçirdiyimi. Qələmlə yazmıram deyəm ki, mürəkkəb yerinə qanımla yazıram “E”. İndi artıq çoxları kompyuterdə yazmağa adət edib, axı biz yazarlarda zamanla ayaqlaşmalıyıq.( ancaq mənə görə qələmlə yazmaq daha gözəldir). Ay səni qolu-qanadı qırılmış həyatımın səbəbkarı. Bilirsən kimlərsə xəbər verə də gələsən o təqdimata, yaxud yuxunda qeybdən xəbər verələr sənə təqdimatın keçiriləcəyi məkanı, tarixi. Nə olar bilirsən, düzü mən də bilmirəm nələrin olacağını, nələrin yaşanacağını. Bir onu bilirəm ki, o baş versə heç nə əvvəlki kimi olmayacaq həyatımda. Həyatım 180 dərəcə bucaq altında dəyişəcək istiqamətini. Ax bir gəlsən…Yenə yeddi il öncəki kimi səni düşünəcək ürəyim, səni axtaracaq gözlərim. Səni, səni, səni baş hərfi “E” olan sevgilim. Sən gəlsən kölgəndən belə tanıyaram varlığını, saçlarının ətirindən anlayaram iştirakını…Ax xəyallar, xəyallar bir gərçək olsa, olsada olsa.
Baş hərfi “E” sonda sənə yeddi il öncə yazdığım şerdən iki misranı xatırladıram, bunu ömür boyu xatırladacam sənə.

Məni istəsən də, istəməsən də,
Mənim olacaqsan şerlədimdə.

Hə sevgilim mənim olacaqsan. Cismani qovuşmasamda sənə ruhən əbədi mənimsən, mənim olaraq da qalacaqsan. Bu ruhu heç kim məndən ala bilməz, hətta ölümün özüdə. Çünki mən bütün ruhumla sənə bağlıyam, sən mənim içimdə görünməyən bir mənsən. Bütün bu mənlərimlə sən mənimsən, mənimsən.

10.12.2011 1:06:06
HY

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: