Bir ruhun yazdıqları… “Fantastik-həqiqət hekayəsi”

Hə…deyəsən mən ölmüşəm axı. Dostlar, tanışlar yığışıb həyətimizdəki xeyir-şər evində yeddimi verirlər. Çox təəssüf ki, mən bu məclisdə iştirak edə bilmirəm. Bəlkə də sağ olsaydım heç zaman məni bu qədər yada salmazdılar. Dirilər diriləri ölümündən sonra axtarırsa daha çox gecdir. İndi camaatın gözündə yaş görsəm də mənim üçün heç bir dəxli yoxdur. Hətta valideynlərimin göz yaşlarına belə etinasızam. Çünki mən əzab dolu bir dünyadan, maddiyyatdan ayrılmış, çəkisizlikdə, rəngsizlikdə yaşayan bir ruham. Bütün bunlar mənim üçün olduqca əlverişlidir. Ona görə əlverişlidir ki, indi mən tam sərbəstəm. Ona görə sərbəstəm ki, daha nə ailə qayğıları, nə iş problemləri düşünürəm. Məni heç nə maraqlandırmır, bir şeydən savayı. Onun da adı hələ o dünyada olarkən hər an məni izləyən, qəlbimi alovlandıran, sönməz bir ehtirasımdı və bu ehtirasın adı yazmaqdı. Hə yazmaq , daxilimi boşaltmaq. Bacara bildiyim qədər içimdəki sarsıntıları, acıları çölə püskürmək. Yazmaq ruh halı ilə bağlı olduğu üçün, məzara getməyən, çürüməyən yeganə nemətimdi. Mənə yalan dolu dünyadan qalan yalnız o oldu, digər hər şeyim torpağa qarışıb , yavaş-yavaş çürüməyə başlayır. Artıq yeddi gündür ətimi böcəklər, qurdlar yeməklə məşğuldur. Onları da qınamıram. Axı onlar da canlıdır. Onlar da yaşamaq üçün nələri isə yeməlidirlər, insan əti olmağına rəğmən. Ancaq bir tək ruhumdakı, fitrətimdəki bu nemət mənimlə yoldaşlıq edir, o əbədi olaraq mənimlə yaşayacaqdır.
Nə isə, məqsədim yasım və ölümümü təsvir etmək yox, ruhumun ölümdən sonrakı halı ilə bağlıdır. Yuxarıda yazmaq ehtirasımın gücündən dedim, indi də ölümümün yeddisi günü ruhumun başına gələnlərindən danışmaq istəyirəm.
Əvvəl ruhum xeyir-şər məclisini dolaşıb dirilərin mənsizliyini müşahidə etmək istədi. Təbii ki, heç kəs məni görmürdü, görə də bilməzdi axı mən var ola-ola yoxdum, yoxdum deyəndə də düz çıxmır vardım, amma onlara görə yoxdum desəm daha yerinə düşər. İnsanalrın məclisdə oturub nə danışdıqlarını dinləmək istədim öncə. Haqqımda yaxşı danışanlar da, pis danışanlar da oldu. Qonşumuz Əli dayı digər tanışlara: “ Rəhmətlik cavan getdi, olduqca yaxşı insan idi. Bir kimsəyə pislik etməz, bir kimsədən də qeybət etməzdi. Pisliyə qarşılıq yaxşılıqla cavab verərdi. Qədərindən artıq sadə idi, utancaqlığını demirəm hələ”. Bu sözləri eşidən ruhum Əli dayıya sonsuz minnətdarlığını elədi, təəssüf ki, o bunalrı eşitməyəcəkdi, çünki yaradan bunu öz sirri olduğundan kimsəyə bildirməmişdi, hətta öz sevgili dostu peyğəmbərinə də. Məclis davam edir, yavaş-yavaş söhbətlərin mövzusu da dəyişirdi. Hərə öz dərdindən, işindən-gücündən danışmağa başlamışdı. Başda əyləşən molla da elə hey danışırdı. Çox zaman danışığını dinləmirdilər də. Hərə öz hayında idi. Heç on dəqidə olmazdı ki, buradan çıxıb öz əvvəlki evimə getmək istədim. O evdən ki, yeddi gün öncə cənazəmi götürmüşdülər və məni son mənzilə yola salmışdılar. Əslində məni yox, mənə aid olmayan cismimi götürmüşdülər, ruhum öz yerində idi. Anam-atam ağlayıdrı, ancaq mən bunun günah olduğunu düşünürdüm o zaman. Qışqıra bilsəydim susmaqlarını deyərdim. Evimizə qapının düz yanına çatanda ağlaş səslərindən qulağım demirəm, axı artıq cismim yoxdu, ruhum titrədi. Bir balasını itirən anam yerə-göyə sığmırdı. Düzü ən çox anama acıdım. İki mənada acıdım ona. Birincisi ayrılıqdan yandığı üçün. İkincisi mənim indiki dünyada xoşbəxtliyimdən xəbərsiz olduğu üçün. “Mən indiki dünyada necə də xoşbəxtəm” demək istədim anama, ancaq nə fayda səylərim nəticəsiz qalacaqdı.Axı mən sadəcə ruhdum. Dili, ağızı olmayan, fəqət zamansızlığa, məkansızlığa malik olan bir ruh. O ruh ki, insanı insan edən sirli bir varlıq. Yavaş-yavaş dəhlizdən keçib mətbəxə daxil olarkən ruhum bilgisayarımı gördü. Sevə-sevə işlətdiyim, əzizlədiyim o cismani cihazı. Bilgisayarı açıb ora öz düşüncələrimi yazmaq istədim. Sonra bunun mümkünsüz olacağını düşündüm, amma bütün enerjimi yığıb onu aça biləcəyimi də unutmadım. Elə bu dəmdə evdəkilərin aşağı düşəcəklərini eşitdim. Əlimə fürsət düşmüşdü və bu fürsəti dəyərləndirə bilməsəm o zaman günahkar özüm olacaqdım. Az sonra ev dirilərdən tamamilə boşaldı və mən ruhumla tək qaldım. Bilgisayarı açmaq üçün bütün enerjimi topladım və istəyimə nail olduqdan sonra olduqca sevindim. Axı düşünəcəklərim itməyəcək yenidən yazılacaqdı və sonradan bilgisayarı açan zaman yazdıqlarımı görəcəkdilər, oxuyacaqdılar. Demək mən bir yazar olaraq hələ də yazmaq qabiliyyətimi itirmədiyimi dirilərə sübut edəcəkdim.”Word” proqramını açdıqdan sonra ilk işim düşüncələrimi toparlamaq oldu və az bir zaman ərzində onları yazmağa nail oldum. Bundan sonrakılar “Bir ruhun yazdıqları” adı altında dünyaya yayılacaq, bəlkə də milyonların marağına səbəb olacaq, elmdə yeni bir dönəmin başlanğıcına gətirib çıxaracaqdı.



Mən ruham. Yeddi gün öncə dünyasını dəyişmiş gənc yazarın ruhu. Sizə görə ölmüşəm, mənə görə isə mən əbədi olaraq dirilmişəm. Sizdən mənə heç nə qalmadı, məndən sizə qalacaqlar da fanidir. Sizə görə mənsizlik ölüm qədər acıdır, mənə görə isə ölümün heç bir acılığı yoxdur. Görürsünüz mən necə də dəyişmişəm. Məni heç kim ölüm bacaran qədər dəyişə bilməzdi. Nə anam, nə atam, nə də hər gün saçlarını tumarladığım biricik sevgilim. Nə də bütün bunları mənə bəxş eləyən həyat. Həyatdakı bütün sevinclər, kədərlər, problemlər, düşüncələr. Heç nə. Mən sizin dünyanızda olduğundan milyon dəfə daha səmimiyəm. Bütün bunları belə başladım ki, biləsiniz. Biləsiniz ki, sizin dünyanızda heç nə ölüm qədər təsirli deyil və indiki dünyam qədər gözəl deyil. Ruhumun varlığını daha çox indi duya bilirəm. İndi duya bilirəm həqiqətin varlığını. Hər kəs ruhuna bağlıdır amma, heç kəs bu bağlılığı mənim öncəki dünyamda tam yaşaya bilmir, tam nədir heç milyonda birini desəm yenə azdır. Gec-tez hamınız anlayacaqsınız ruhun nə demək olduğunu. Mən sadəcə azacıq məlumat vermək üçün yazıram yaza bildiklərimi. Yaza bilmədiklərim daha çoxdur. Çünki zaman azdır, sizlərin evdə olmadığı zamanı deyirəm. Siz evdə çox olursunuz və mən də həmişə yaza bilməyəcəm. Düşündüklərimi də sizə çatdıra biıməyəcəm. Mənə verilən bu az zaman icazəsini dəyərləndirə bilmək üçün çalışıram. Hər nə yazacamsa qənimətdir. Mən sizin dünyanızda bir an belə tamam xoşbəxt ola bilmədim. Maskalanmış insanalr, itirilmiş dəyərlər, ölmüş vicdanlar, süni təbəssümlər arasında necə xoşbəxt ola bilərdim axı? Hər gün internetdən, televiziyadan eşitdiyim qan xəbərləri, ata-oğul, qardaş-bacı bıçaqlanmaları necə xoşbəxt edə bilərdi məni və ya xoşbəxt olmağa haqqım vardımı mənim? Yox, əlbəttə ki, yox. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlardan olmaq düşüncəsi necə xoşbəxt edə bilərdi məni? Məni, məni, məni çoxlu deyə bilərəm sizə bu mənilərdən. Sonda bu “məni”lər bir nöqtədə cəmlənir. O da xoşbəxtliyini rədd eləyən adamların cəmləşdiyi məkandır. Sizlər mənə acıyırsınız, cavan öldü deyirsiniz. Əslində hər şey əksinədir, acınılası mən deyiləm, sizsiniz. O sizlər ki, xoşbəxtliyi tapmaq üçün çapalayırdınız, çapalayırsınız və çapalayacaqsınız. Ancaq hər nə qədər çapalasanızda tapa bilməyəsəksiniz. Çünki həqiqi xoşbəxtliyin məkanı deyil yaşadığınız dünya. Süni xoşbəxtliklərlə aldadıb başınızı, ətinizi yeyir o dünya. Sizlərsə hər gün daha bağlanırsınız dünyaya, dünya sizdən hər an uzaqlaşdıqca, siz ona daha da yaxın olmaq istəyirsiniz. Oyun kimidir dünya həyatı, mənim dünyamda isə hər şey təbii və ecazkardır. Şübhəylə yanaşacaqsınız amma, mən sizin dünyanıza əsla qayıtmaq istəməzdim. Çünki sadaladıqlarımı yenidən yaşamaq özümə qarşı ən böyük təhqir olardı. Hə, necə düşünürsünüz düşünün , mən ruham. Ruhlar yalan söyləməz və ya ruhun dəlisi olmaz. Mən heç zaman dəli olmadım zatən.
Sonda ey o dünyanın süni adamları. Hamınıza səslənirəm. Yazdıqlarımı sona kimi oxuyun, məndən nigaran olmayın. Əksinə mən sizlərdən nigaranam ki, ruhunuzu itirməyəsiniz deyə. Əgər olan-qalan ruhunuzu da itirsəniz o zaman tamamilə məhv olacaqsınız. Yeganə yazmaq ehtirasımın mənimlə sonsuza qədər var olacağını düşünmək daha da sevindirir məni. Çünki ruhumun varlığı, yazmağımın da varlığı deməkdir. Bütün bunlara görə ruhuma borcluyam və mən ruh bir yazaram. Ruh bir yazar olaraq da yazmağıma davam edəcəyəm. Siz evdə olmayan müddətlərdə bilgisayarımı açıb yazacağam və siz də oxuyaraq yazılarımı internet saytları, sosial şəbəkələrdə bu adla paylaşacaqsınız. “Bir ruhun yazdıqları”.

27.12.2011 2:45:03
HY

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: