Gözəl Gələcəyə Doğru…

Gələcək-hər kəsin böyük ümidlərlə, dünənindən, bu günündən daha yaxşı görməyə can atdığı və bu yolda mübarizə apardığı bir məfhumun adıdır gələcək.O gələcək ki, bəşəriyyət daima onu düşünmüş, düşünür və düşünəcək. İstədiyimiz, xəyal elədiyimiz bir duyğu yaşayır hər birimizin içində və bu iç dünyamız bizi yaşayıb-yaratmağa , həyatı ən gözəl şəkildə yaşamağa səsləyir. Düşüncələr, xəyallar müxtəlif insanlarda müxtəlif cür duyula bilər ancaq hamımızı birləşdirən biar amal var və bu amalın adı təbii ki, gözəl, firavan bir gələcəyi necə qurmaqdır. Heç zaman inana bilmərəm ki, hansısa bir insan bunun əksini düşünə və ya düşünən varsa da onun vicdanı ola. İstədiyimiz gələcəyi qurmaq üçün arzularımıza sadəcə bir xəyal gözü ilə yox, həm də xəyallarımızın gələcəkdə öz təsdiqini tapacaq reallıq kimi yanaşmalıyıq. Axı nədən istədiyimiz, qurmaq istədiyimiz gələcək sadəcə xəyallarda yaşamalıdır. Bu mümkündür və mümkün olduğu üçün də biz bunu etməliyik. Sonda iradəli insanların qalib gəldiyini unutmamalıyıq.

İstədiyimiz gələcəyi qurmağa doğru hər birimizin daxilində ilk öncə sonsuz inam və mübarizə ruhu olmalıdır. Yalnız bundan sonra addım-addım bu yolda irəliləmək olar. Hər kəs uğurlu gələcəyə fərqli aspektlərdən baxdığı kimi bizim də, biz gənclərin də müəyyən düşüncələri, mülahizələri var.

İnsanların istədikləri kimi yaşaması üçün ilk öncə millətlər, xalqlar arasında irqi, dini ayrı seçkilik mütləq yox olmalı və sadəcə tarixin qara səhfələrində qalmalıdır. Fitnə-fəsadların, müharibələrin əsas təzahürlərindən biri də əlbəttə ki, məhz bu amillərin adı ilə bağlıdır. Bu yöndə dünya miqyasında (aparılmasına rəğmən) çox böyük maarifləndirilmə işləri aparılmalıdır. Bu problemləri tarixə gömmək üçün kifayət qədər beynəlxalq tədbirlər, konfranslar təşkil edilməli və insanların rifah halında yaşaması üçün mühüm işlər görülməlidir. Ola bilsin bu problem onillərin işi olmaya bilər, ancaq sonda bu mütləq gerçəkləşə bilər. Ən əsası bu yöndə yorulmadan çalışmaq, bilməyənləri də xəbərdarlıq eləmək lazımdır. Bu mənim, sənin, onun yox ümumilikdə bütün bəşəriyyətin müqəddəs işi olmalıdır. Hər gərgin, mübariz işin sonunda mütləq bəhrəsini verən bir nəticə vardır və bu nəticəyə yetişmək kifayət qədər qayğı tələb edir.

Bu gün insanlıığın əziyyət çəkdiyi bir çox problemlər var. Bu problemlər sırasında narkomaniya, siqaretə aludəçilik kimi bir çox ciddi fəsadlara səbəb olan problemlərin adını qeyd etmək olar. AİDS, Spid kimi ölümcül xəstəliyə düçar olanalrın sayı hər il inanılmaz dərəcədə artır. İnsanlar, xüsusən gənc nəsillər bu aludəçiliyə olduqca tez yoluxurlar. Çevrələrdəki mənfi insanların, müəyyən parnoqrafik film və verlişləri təbliğ edən tv və saytların bu gəncliyi mənəvi cəhətdən pozmasında çox böyük rolu vardır. Kifayət qədər strukturlar, qeyri-hökümət təşkilatları bu yolda müəyyən işlər aparsa da hələ ki, istənilən nəticəni vermir. Bunun üçün bununla kifayətlənməməli, hər birimiz ən yaxınlarımızı, dostlarımızı bu işdən çəkindirməli, məktəbdə, həyətdə, işdə və s kimi ictimai yerlərdə bu işin təbliğatı ilə məşğul olmalıyıq. Öncə də qeyd etdiyim kimi yalnız bu müstəvidən yanaşdıqda xoşbəxt, sağlam bir gələcəyə inamla qovuşa bilərik. Bu iş çətin olduğu qədər də , şərəfli bir işdir.

Hər bir güclü dövlətin əsas dirəyi onun güclü ailəsindən asılıdır. Ailə kiçik bir dövlət olduğu kimi, onu qorumaq da bu dövlətin üzvlərindən asılıdır. Hər bir ana, hər bir ata ailə qurarkən ilk öncə nə üçün ailə qurduqlarını , bu işə hazır olub-olmadıqlarını dərk etməlidirlər. Müvəqqəti ehtiraslara, müəyyən var-dövlət, sərvət xatirinə qurulan ailələrin sonunun heç də yaxşı olmadığının hamımız şahidi oluruq. Güclü ailə qurmaq üçün ilk olaraq sevgiylə yanaşı hörmətin də böyük rolu olduğunu unutmamalıyıq. Boşanmaların sayının artmasının qarşısını almaq üçün hər birimiz bu işdə səfərbər olmalıyıq ki, gələcək istəmədiyimiz kimi olsun. Yoxsa gözəl bir gələcəkdən danışmağımız əlbəttə ki, əbəsdir. Hər fərd öz hüququnu, öz vəzifəsini, ailədə olan mövqeyini bildiyi zaman işıqlı gələcək, mehriban ailə də yaranacaqdır. Bu səadətə doğru gedən yolun ilk və ən dəyərli qığılcımlarıdır.

Bütün bu problemlərin çıxış yolunu mütləq axtarıb tapmaq və əməl etmək lazımdır. İnsanların bu cür mənfi vərdişlərə mübtəla olmasının ilkin səbəblərindən biri də məhz savadsızlığın, elmsizliyin təzahürləridir. Mədəni cəhətdən yüksək xarakterə malik olan, elmli insanların bu cür problemlərlə razstlaşmadıqları gün kimi aydındır. Onlar istədiyimiz gələcəyi qurmaqda insanlığa ən böyük yardımçı olanlardır. Məhz elmli, mədəni insanlar dünyanın gedişatını dəyişməyə qadir ola bilərlər. Necə ki, dahi şairimiz Nizami Gəncəvi bu haqda çox gözəl demişdir:

 

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eləyə bilməz.

Müqəddəs kitablarda da elmə, savada çox geniş yer verilmişdir. Təsadüfi deyil ki, bütün ilahi dinlər bəşəriyyəti oxumağa, elm öyrənməyə səsləyir. Qurani Kərimdə 850 dəfə elm sözünün keçməsi də bunun bariz nümunəsidir. Biz insanlar yalnız və yalnız elmli, kamil olmaqla gözəl bir gələcəyi qura bilərik, müharibəsiz, pis aludəçiliksiz, fitnə-fəsadsız istədiyimiz bir gələcək.

Sonda əgər bütün bu sadaladıqlarımıza hamımız ayrı-ayrılıqda, bir fərd olaraq can-başla, könüldən əməl edə bilsək zənnimcə uğurlu bir gələcək çoxda uzaqda olmaz. Bəlkə də o, bizim onu gözlədiyimizdən də tez gələcək və addım-addım bizə doğru gəlməkdədir. O günün gəlişinə oturub gözləməklə yox, elə indidən, elə bu saniyədən əməl etməklə yetişə bilərik. Sadəcə bir şərt var: “Bilənlər bilməyənlərə bildiklərini aşılamalı, təbliğ etməli və bu yoldan bir anda olsun üz döndərməməlidirlər”. Bu yol bütün insanlığın xilas yoludur, elə isə istədiyimiz gələcəyi qurmağa doğru iş başına.

 

Habil Yaşar

Bir şərh yazın