İyun 27, 2012

Müasirəm-çünki,…

Son zamanlar insanlar (təbii ki, hamını nəzərdə tutmuram) o qədər biganələşib ki, yaxşı, bəşəri şeylərə belə göz yumurlar. Bizdə hər zaman belə düşünürlər ki, XXI əsrdir, müasir zəmanədir. Bəli, mən də razıyam, mən də bilirəm ki, XXI əsrdir və mən də bilirəm ki, mən də müasir zəmanənin insanıyam və yeri gələndə özümü özünə əsl müasir deyənlərdən qat-qat da müasir sayıram. Bəli, mən müasir insanam, o dərəcədə müasir ki, bəlkə 100 il sonranı belə qabaqlamış müasirəm.(Özümü tərifləmək niyyətində deyiləm, nə demək istədiyimi onsuzda anlayanlar anlayacaq). Müasirəm və müasir olmağımın da səbəblərini bir- bir sadalayacağam, əsaslandıracağam. Bunlar ın bir neçəsininin örnəyini yazacağam.(Bütün bunlar mənimlə yanaşı mənim kimi düşünənlərə də aiddir, çünki bizlər bir əqidənin adamlarıyıq).
1.Müasirəm-çünki, bilgi çağında yaşayıram, bilgisayardan istifadə etməyi bacarıram.
2.Müasirəm-çünki, Qərb (Şərq ölkələrindən də var) insanları kimi mütaliə etməyi sevirəm və bunu fəxrlə hər yerdə deyirəm.(Jualina Roulinq Britaniya yazıçısı kitab satışından(Harry Potter) 9 Milyard Funt Sterlinq qazanmışdır-bilməyənlərdə bilsin).
3.Müasirəm-çünki, Ədəbiyyatla məşğul olsamda digər elmləri də oxumağı sevirəm.
4.Müasirəm-çünki, əsl müasirliyi bəziləri kimi geyimdə görənlərdən deyiləm.(Əgər müasirlik geyimdə olsaydı onda bəlkə də ən müasir biz olardıq).
5.Müasirəm-çünki, öyünmək olmasın özümə görə müəyyən qədər dünyagörüşümdə var .(Şükür Rəbbimə) Heç nə bilməyərək hər şeyə burnunu soxanalrdan deyiləm.
6.Müasirəm-çünki, düşüncəsiz deyilən sözlərdən, mənasız edilən hərəkətlərdən qismən də olsa uzağam.
7.Müasirəm-çünki,zəmanəyə görə zamanlar ayaqlaşmağı bilirəm, Çünki, zaman elm, mütaliə zəmanəsidir.
Bütün bunları deməkdə, yazmaqda bir məqsədim var. Özlərinə “müasir” deyənlərə özlərinə gəlməyi və lağlağılıqdan, mənasızlıqdan uzaqlaşmağı tövsiyə edirəm. Əks halda siz nəinki müasir, heç bir zamanın inası ola bilməzsiniz. Özünüzü aldatmaqdansa, reallığı görüb onunla barışmağınızı istərdim. Yalnız elmli, mütaliəli insanlar müasirlikdən, reallıqdan danışa bilər, bunun əksini edənlər isə haqq yoluna gəlsələr heç də pis olmaz. Məndən sadəcə demək , qalanı isə sizə qalmış.Sonda zaman ayırıb bu yazımı oxuduğunuz üçün də təşəkkür edirəm və inanıram ki, düşüncələrimi ümumi olaraq qəbul edəcəksiniz. Silsilə yazılarımı izləməyi unutmayın.

24.05.2012 22:06:43 Habil Yaşar.

Advertisements
İyun 27, 2012

Gözəl Gələcəyə Doğru…

Gələcək-hər kəsin böyük ümidlərlə, dünənindən, bu günündən daha yaxşı görməyə can atdığı və bu yolda mübarizə apardığı bir məfhumun adıdır gələcək.O gələcək ki, bəşəriyyət daima onu düşünmüş, düşünür və düşünəcək. İstədiyimiz, xəyal elədiyimiz bir duyğu yaşayır hər birimizin içində və bu iç dünyamız bizi yaşayıb-yaratmağa , həyatı ən gözəl şəkildə yaşamağa səsləyir. Düşüncələr, xəyallar müxtəlif insanlarda müxtəlif cür duyula bilər ancaq hamımızı birləşdirən biar amal var və bu amalın adı təbii ki, gözəl, firavan bir gələcəyi necə qurmaqdır. Heç zaman inana bilmərəm ki, hansısa bir insan bunun əksini düşünə və ya düşünən varsa da onun vicdanı ola. İstədiyimiz gələcəyi qurmaq üçün arzularımıza sadəcə bir xəyal gözü ilə yox, həm də xəyallarımızın gələcəkdə öz təsdiqini tapacaq reallıq kimi yanaşmalıyıq. Axı nədən istədiyimiz, qurmaq istədiyimiz gələcək sadəcə xəyallarda yaşamalıdır. Bu mümkündür və mümkün olduğu üçün də biz bunu etməliyik. Sonda iradəli insanların qalib gəldiyini unutmamalıyıq.

İstədiyimiz gələcəyi qurmağa doğru hər birimizin daxilində ilk öncə sonsuz inam və mübarizə ruhu olmalıdır. Yalnız bundan sonra addım-addım bu yolda irəliləmək olar. Hər kəs uğurlu gələcəyə fərqli aspektlərdən baxdığı kimi bizim də, biz gənclərin də müəyyən düşüncələri, mülahizələri var.

İnsanların istədikləri kimi yaşaması üçün ilk öncə millətlər, xalqlar arasında irqi, dini ayrı seçkilik mütləq yox olmalı və sadəcə tarixin qara səhfələrində qalmalıdır. Fitnə-fəsadların, müharibələrin əsas təzahürlərindən biri də əlbəttə ki, məhz bu amillərin adı ilə bağlıdır. Bu yöndə dünya miqyasında (aparılmasına rəğmən) çox böyük maarifləndirilmə işləri aparılmalıdır. Bu problemləri tarixə gömmək üçün kifayət qədər beynəlxalq tədbirlər, konfranslar təşkil edilməli və insanların rifah halında yaşaması üçün mühüm işlər görülməlidir. Ola bilsin bu problem onillərin işi olmaya bilər, ancaq sonda bu mütləq gerçəkləşə bilər. Ən əsası bu yöndə yorulmadan çalışmaq, bilməyənləri də xəbərdarlıq eləmək lazımdır. Bu mənim, sənin, onun yox ümumilikdə bütün bəşəriyyətin müqəddəs işi olmalıdır. Hər gərgin, mübariz işin sonunda mütləq bəhrəsini verən bir nəticə vardır və bu nəticəyə yetişmək kifayət qədər qayğı tələb edir.

Bu gün insanlıığın əziyyət çəkdiyi bir çox problemlər var. Bu problemlər sırasında narkomaniya, siqaretə aludəçilik kimi bir çox ciddi fəsadlara səbəb olan problemlərin adını qeyd etmək olar. AİDS, Spid kimi ölümcül xəstəliyə düçar olanalrın sayı hər il inanılmaz dərəcədə artır. İnsanlar, xüsusən gənc nəsillər bu aludəçiliyə olduqca tez yoluxurlar. Çevrələrdəki mənfi insanların, müəyyən parnoqrafik film və verlişləri təbliğ edən tv və saytların bu gəncliyi mənəvi cəhətdən pozmasında çox böyük rolu vardır. Kifayət qədər strukturlar, qeyri-hökümət təşkilatları bu yolda müəyyən işlər aparsa da hələ ki, istənilən nəticəni vermir. Bunun üçün bununla kifayətlənməməli, hər birimiz ən yaxınlarımızı, dostlarımızı bu işdən çəkindirməli, məktəbdə, həyətdə, işdə və s kimi ictimai yerlərdə bu işin təbliğatı ilə məşğul olmalıyıq. Öncə də qeyd etdiyim kimi yalnız bu müstəvidən yanaşdıqda xoşbəxt, sağlam bir gələcəyə inamla qovuşa bilərik. Bu iş çətin olduğu qədər də , şərəfli bir işdir.

Hər bir güclü dövlətin əsas dirəyi onun güclü ailəsindən asılıdır. Ailə kiçik bir dövlət olduğu kimi, onu qorumaq da bu dövlətin üzvlərindən asılıdır. Hər bir ana, hər bir ata ailə qurarkən ilk öncə nə üçün ailə qurduqlarını , bu işə hazır olub-olmadıqlarını dərk etməlidirlər. Müvəqqəti ehtiraslara, müəyyən var-dövlət, sərvət xatirinə qurulan ailələrin sonunun heç də yaxşı olmadığının hamımız şahidi oluruq. Güclü ailə qurmaq üçün ilk olaraq sevgiylə yanaşı hörmətin də böyük rolu olduğunu unutmamalıyıq. Boşanmaların sayının artmasının qarşısını almaq üçün hər birimiz bu işdə səfərbər olmalıyıq ki, gələcək istəmədiyimiz kimi olsun. Yoxsa gözəl bir gələcəkdən danışmağımız əlbəttə ki, əbəsdir. Hər fərd öz hüququnu, öz vəzifəsini, ailədə olan mövqeyini bildiyi zaman işıqlı gələcək, mehriban ailə də yaranacaqdır. Bu səadətə doğru gedən yolun ilk və ən dəyərli qığılcımlarıdır.

Bütün bu problemlərin çıxış yolunu mütləq axtarıb tapmaq və əməl etmək lazımdır. İnsanların bu cür mənfi vərdişlərə mübtəla olmasının ilkin səbəblərindən biri də məhz savadsızlığın, elmsizliyin təzahürləridir. Mədəni cəhətdən yüksək xarakterə malik olan, elmli insanların bu cür problemlərlə razstlaşmadıqları gün kimi aydındır. Onlar istədiyimiz gələcəyi qurmaqda insanlığa ən böyük yardımçı olanlardır. Məhz elmli, mədəni insanlar dünyanın gedişatını dəyişməyə qadir ola bilərlər. Necə ki, dahi şairimiz Nizami Gəncəvi bu haqda çox gözəl demişdir:

 

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eləyə bilməz.

Müqəddəs kitablarda da elmə, savada çox geniş yer verilmişdir. Təsadüfi deyil ki, bütün ilahi dinlər bəşəriyyəti oxumağa, elm öyrənməyə səsləyir. Qurani Kərimdə 850 dəfə elm sözünün keçməsi də bunun bariz nümunəsidir. Biz insanlar yalnız və yalnız elmli, kamil olmaqla gözəl bir gələcəyi qura bilərik, müharibəsiz, pis aludəçiliksiz, fitnə-fəsadsız istədiyimiz bir gələcək.

Sonda əgər bütün bu sadaladıqlarımıza hamımız ayrı-ayrılıqda, bir fərd olaraq can-başla, könüldən əməl edə bilsək zənnimcə uğurlu bir gələcək çoxda uzaqda olmaz. Bəlkə də o, bizim onu gözlədiyimizdən də tez gələcək və addım-addım bizə doğru gəlməkdədir. O günün gəlişinə oturub gözləməklə yox, elə indidən, elə bu saniyədən əməl etməklə yetişə bilərik. Sadəcə bir şərt var: “Bilənlər bilməyənlərə bildiklərini aşılamalı, təbliğ etməli və bu yoldan bir anda olsun üz döndərməməlidirlər”. Bu yol bütün insanlığın xilas yoludur, elə isə istədiyimiz gələcəyi qurmağa doğru iş başına.

 

Habil Yaşar

İyun 24, 2012

“Love Story” musiqisini dinlərkən

Hər gün yadıma düşürsən
milyonlarla qız içində
tarix kitablarının səhfələrindəki
əsas rəqəmlər kimi…
səni yaddaşıma həkk eləmişəm
beynimin ən dərin hüceyrəsində
“kutsal gizəmlər” kimi…
nə vaxtsa mən səni unutsam əgər,
bir an sənsiz keçsə xatirələrim
bil ki, məhv olaram yaşamaram ki…
sevgi hekayəmin səbəbkarı sən,
inan xəyalın da güc verir mənə.

əvvəli də sənsən, sonu da sənsən.
xəyanət etmərəm sətirlərinə.
hər sətir, hər misra  səndən danışır,
bitmir məhəbbətin xatirələri.

sənsiz sətirlərdə yanıb-alışır,
sənin həssrətinə düşəndən bəri.
gör necə sevmişəm, özüm bir yana,
səni sətirlərdə unuda bilmir.
özü bir hekayə yaşayan insan,
kiçik bir sətirdə yaşaya bilmir.
kiçik bir sətirdə yaşaya bilmir.

May 9, 2012

“Bütöv Biz” ə doğru.

a Bəlkə də bizdən başqa bir paralel dünyada da var və ya biz bu dünyaya paralel dünyadan müəyyən bir missiya üçün göndərilmiş biriyik. Bu bir olan biz hansısa bir “bütöv bizin” hissəciklərindən yalnız biriyik. Ətrafa yayılmış “bütöv bizin” hissəcikləri kamil olacaqları zaman bütöv bizdə birləşəcək və o zaman biz sözün əsl mənasında “biz” olacağıq. İndi bu “biz” in hissəcikləri öz təkamül dövrünün müəyyən bir zamanında yaşamağa məhkum edilmiş “N” sayda hissəciklərdən ibarətdir. Hər biri öz həyatını özü kimi yaşamaqla “bütöv bizin” müxtəlif xarakterlərini yaratmaqla görəvlidir. Xarakterlərin müxtəlifliyi “bütöv bzin” daha da canlanmasına, daha da rəngarəngləşməsinə xidmət etməklə böyük bir missiyanın tələblərini yerinə yetirməkdədir. Hər şeyin başlanğıcı “bütöv biz” dən olduğu üçün heç bir hissəcik heç zaman ondan ayrı düşməyəcəkdir. Hər hissəcik öz başlanğıcına hər an bir addım daha yaxınlaşır və bu yaxınlaşma müvəqqəti bir sonun gözəl bir başlanğıcı olacaqdır . Bunun üçün biz , yəni yaşamağa məhkum edilmiş hissəciklər bizə verilən sayılı günləri elə yaşamalıyıq ki, “bütöv biz” də birləşəcəyimiz zaman peşman olub bir daha “bütöv biz” dən ayrılıb yenidən hissəciklərə bölünməyimiz üçün and-aman etməyək. Bunun üçün hər şeyin ən gözəli kifayət qədər səmimi olub, yetərincə xeyrli əməllərlə məşğul olmaq və qısa zamanımızı böyük işlərə sərf etməliyik. Yalnız bu zaman “ bütöv biz” hissəciklərindən razı qalar və bir daha biz hissəcikləri öz dərgahından uzaqlaşdırmaz. Unutmayaq ki, biz hissəciklər əsl dünyamızdan öz əməllərimizin nöqsanlı olması ilə əlaqədar uzaqlaşdırılmışıq və o əsl dünyamıza “bütöv biz” ə doğru uzun bir yolun yolçularıyıq.
Habil Yaşar 07.05.2012 1:10:28
bizdən başqa bir paralel dünyada da var və ya biz bu dünyaya paralel dünyadan müəyyən bir missiya üçün göndərilmiş biriyik. Bu bir olan biz hansısa bir “bütöv bizin” hissəciklərindən yalnız biriyik. Ətrafa yayılmış “bütöv bizin” hissəcikləri kamil olacaqları zaman bütöv bizdə birləşəcək və o zaman biz sözün əsl mənasında “biz” olacağıq. İndi bu “biz” in hissəcikləri öz təkamül dövrünün müəyyən bir zamanında yaşamağa məhkum edilmiş “N” sayda hissəciklərdən ibarətdir. Hər biri öz həyatını özü kimi yaşamaqla “bütöv bizin” müxtəlif xarakterlərini yaratmaqla görəvlidir. Xarakterlərin müxtəlifliyi “bütöv bzin” daha da canlanmasına, daha da rəngarəngləşməsinə xidmət etməklə böyük bir missiyanın tələblərini yerinə yetirməkdədir. Hər şeyin başlanğıcı “bütöv biz” dən olduğu üçün heç bir hissəcik heç zaman ondan ayrı düşməyəcəkdir. Hər hissəcik öz başlanğıcına hər an bir addım daha yaxınlaşır və bu yaxınlaşma müvəqqəti bir sonun gözəl bir başlanğıcı olacaqdır . Bunun üçün biz , yəni yaşamağa məhkum edilmiş hissəciklər bizə verilən sayılı günləri elə yaşamalıyıq ki, “bütöv biz” də birləşəcəyimiz zaman peşman olub bir daha “bütöv biz” dən ayrılıb yenidən hissəciklərə bölünməyimiz üçün and-aman etməyək. Bunun üçün hər şeyin ən gözəli kifayət qədər səmimi olub, yetərincə xeyrli əməllərlə məşğul olmaq və qısa zamanımızı böyük işlərə sərf etməliyik. Yalnız bu zaman “ bütöv biz” hissəciklərindən razı qalar və bir daha biz hissəcikləri öz dərgahından uzaqlaşdırmaz. Unutmayaq ki, biz hissəciklər əsl dünyamızdan öz əməllərimizin nöqsanlı olması ilə əlaqədar uzaqlaşdırılmışıq və o əsl dünyamıza “bütöv biz” ə doğru uzun bir yolun yolçularıyıq.
Habil Yaşar 07.05.2012 1:10:28

Mart 13, 2012

Habil Yaşarın ” Yoxluğumun Varlığı ” Kitabı

Yanvar 27, 2012

Bir az sən düşmüsən yadıma mənim.

Bir az sən düşmüsən yadıma mənim,
Bir azda özümü unutmuşam mən.
Yenə qara geyib xatirələrim,
Yenə sənsizlikdən od tutmuşam mən.

Yenə adamalrdan uzaqlaşmışam,
Qəribə görünür sevənlər mənə.
Özüm öz içimdə itib-batmışam,
Cəhənnəmə gülsün gülənlər mənə.

Yenə gözlərimin yuxusu qaçıb,
Yenə rahatlığım çəkilib dara.
Hər səhər yoxluğun üzümə açıb,
Daha dərinləşir içimdə yara.

Bir azda sənsizlik dəyişib məni,
Deyirlər yamanca kövrək olmuşam.
Dostlar təriflərdi cəsarətimi,
İndi bir yarpaqdan titrək olmuşam.

Bir azlar, bir azlar bitib-tükənməz,
Saysam dərdim kimi azalmayacaq.
Yazdığım şerlər karıma gəlməz,
Nə qədər yazsam da sən olmayacaq.

28.01.2012 1:40:11
HY

Yanvar 22, 2012

İnsanlıq yaddaş oldu

İnsanlıq yaddaş oldu.

Adamlar ağac tək quruyub daha,
Duyğular, hisslər də ölüb qurtarıb.
Keçmişin saf, təmiz məhəbbətləri,
Elə kağızdaca yazılıb, qalıb.

Daha səadəti axtarmaq üçün,
Gərək kitablara üz tutaq Allah.
Həyatı adam tək yaşamaq üçün,
Gərək düşüncəsiz yaşayaq Allah.

Niyə cılızlaşdı adamlar belə?
Niyə adamların qəlbi daş oldu?
İtirə-itirə bitdik, tükəndik,
İnsanlıq tarixi bir yaddaş oldu.

22.01.2012 13:12:59
HY

Yanvar 22, 2012

Bir bilsən

Salam …
sənsizliyi su içər kimi,
boğazımda qalmadan
bir nəfəsə
o qədər rahat içdim ki,
bir bilsən.
Hər gün sənə olan sevgim
kredit borcumu ödəyirəmmiş kimi
azaldığından
bir yük götürülür çiyinlərimdən
bir bilsən.
sənsizliyin
asan keçəcəyini
düşüncələrimdə belə
düşünə bilməzdim
sən demə hər şey
bu qədər rahat olacaqmış.

gözlərimdən düşdüyün kimi,
qəlbimdə də alçalıb yerin
heç vaxt ucala bilməyəcəyin qədər
cılızlaşmısan
içimin özü də bilmədən
damla-damla əritmisən
onu özün
bir bilsən.

Daha qoxusu gəlmir,
saralmış gül kimi
itib-batıb
sənsizliyin acısı
şerlərimdə
bir bilsən.

Sənli yaşantılar,
xəyallardan
uçub getmiş
məkanların ötəsinə…
varlığımda qorumağa çalışdığın
o yerki var
sən o yeri
daha çoxdan itirmisən
bir bilsən.

21.01.2012
HY

Yanvar 14, 2012

Sevirəm – çünki sevməsəm yaza bilmərəm.

Sevirəm – çünki sevməsəm yaza bilmərəm.
Yazıram – çünki yazmasam yaşaya bilmərəm.
Yaşayıram – çünki yaşamasam sevərək yaza bilmərəm.
HY

Dekabr 27, 2011

Bir ruhun yazdıqları… “Fantastik-həqiqət hekayəsi”

Hə…deyəsən mən ölmüşəm axı. Dostlar, tanışlar yığışıb həyətimizdəki xeyir-şər evində yeddimi verirlər. Çox təəssüf ki, mən bu məclisdə iştirak edə bilmirəm. Bəlkə də sağ olsaydım heç zaman məni bu qədər yada salmazdılar. Dirilər diriləri ölümündən sonra axtarırsa daha çox gecdir. İndi camaatın gözündə yaş görsəm də mənim üçün heç bir dəxli yoxdur. Hətta valideynlərimin göz yaşlarına belə etinasızam. Çünki mən əzab dolu bir dünyadan, maddiyyatdan ayrılmış, çəkisizlikdə, rəngsizlikdə yaşayan bir ruham. Bütün bunlar mənim üçün olduqca əlverişlidir. Ona görə əlverişlidir ki, indi mən tam sərbəstəm. Ona görə sərbəstəm ki, daha nə ailə qayğıları, nə iş problemləri düşünürəm. Məni heç nə maraqlandırmır, bir şeydən savayı. Onun da adı hələ o dünyada olarkən hər an məni izləyən, qəlbimi alovlandıran, sönməz bir ehtirasımdı və bu ehtirasın adı yazmaqdı. Hə yazmaq , daxilimi boşaltmaq. Bacara bildiyim qədər içimdəki sarsıntıları, acıları çölə püskürmək. Yazmaq ruh halı ilə bağlı olduğu üçün, məzara getməyən, çürüməyən yeganə nemətimdi. Mənə yalan dolu dünyadan qalan yalnız o oldu, digər hər şeyim torpağa qarışıb , yavaş-yavaş çürüməyə başlayır. Artıq yeddi gündür ətimi böcəklər, qurdlar yeməklə məşğuldur. Onları da qınamıram. Axı onlar da canlıdır. Onlar da yaşamaq üçün nələri isə yeməlidirlər, insan əti olmağına rəğmən. Ancaq bir tək ruhumdakı, fitrətimdəki bu nemət mənimlə yoldaşlıq edir, o əbədi olaraq mənimlə yaşayacaqdır.
Nə isə, məqsədim yasım və ölümümü təsvir etmək yox, ruhumun ölümdən sonrakı halı ilə bağlıdır. Yuxarıda yazmaq ehtirasımın gücündən dedim, indi də ölümümün yeddisi günü ruhumun başına gələnlərindən danışmaq istəyirəm.
Əvvəl ruhum xeyir-şər məclisini dolaşıb dirilərin mənsizliyini müşahidə etmək istədi. Təbii ki, heç kəs məni görmürdü, görə də bilməzdi axı mən var ola-ola yoxdum, yoxdum deyəndə də düz çıxmır vardım, amma onlara görə yoxdum desəm daha yerinə düşər. İnsanalrın məclisdə oturub nə danışdıqlarını dinləmək istədim öncə. Haqqımda yaxşı danışanlar da, pis danışanlar da oldu. Qonşumuz Əli dayı digər tanışlara: “ Rəhmətlik cavan getdi, olduqca yaxşı insan idi. Bir kimsəyə pislik etməz, bir kimsədən də qeybət etməzdi. Pisliyə qarşılıq yaxşılıqla cavab verərdi. Qədərindən artıq sadə idi, utancaqlığını demirəm hələ”. Bu sözləri eşidən ruhum Əli dayıya sonsuz minnətdarlığını elədi, təəssüf ki, o bunalrı eşitməyəcəkdi, çünki yaradan bunu öz sirri olduğundan kimsəyə bildirməmişdi, hətta öz sevgili dostu peyğəmbərinə də. Məclis davam edir, yavaş-yavaş söhbətlərin mövzusu da dəyişirdi. Hərə öz dərdindən, işindən-gücündən danışmağa başlamışdı. Başda əyləşən molla da elə hey danışırdı. Çox zaman danışığını dinləmirdilər də. Hərə öz hayında idi. Heç on dəqidə olmazdı ki, buradan çıxıb öz əvvəlki evimə getmək istədim. O evdən ki, yeddi gün öncə cənazəmi götürmüşdülər və məni son mənzilə yola salmışdılar. Əslində məni yox, mənə aid olmayan cismimi götürmüşdülər, ruhum öz yerində idi. Anam-atam ağlayıdrı, ancaq mən bunun günah olduğunu düşünürdüm o zaman. Qışqıra bilsəydim susmaqlarını deyərdim. Evimizə qapının düz yanına çatanda ağlaş səslərindən qulağım demirəm, axı artıq cismim yoxdu, ruhum titrədi. Bir balasını itirən anam yerə-göyə sığmırdı. Düzü ən çox anama acıdım. İki mənada acıdım ona. Birincisi ayrılıqdan yandığı üçün. İkincisi mənim indiki dünyada xoşbəxtliyimdən xəbərsiz olduğu üçün. “Mən indiki dünyada necə də xoşbəxtəm” demək istədim anama, ancaq nə fayda səylərim nəticəsiz qalacaqdı.Axı mən sadəcə ruhdum. Dili, ağızı olmayan, fəqət zamansızlığa, məkansızlığa malik olan bir ruh. O ruh ki, insanı insan edən sirli bir varlıq. Yavaş-yavaş dəhlizdən keçib mətbəxə daxil olarkən ruhum bilgisayarımı gördü. Sevə-sevə işlətdiyim, əzizlədiyim o cismani cihazı. Bilgisayarı açıb ora öz düşüncələrimi yazmaq istədim. Sonra bunun mümkünsüz olacağını düşündüm, amma bütün enerjimi yığıb onu aça biləcəyimi də unutmadım. Elə bu dəmdə evdəkilərin aşağı düşəcəklərini eşitdim. Əlimə fürsət düşmüşdü və bu fürsəti dəyərləndirə bilməsəm o zaman günahkar özüm olacaqdım. Az sonra ev dirilərdən tamamilə boşaldı və mən ruhumla tək qaldım. Bilgisayarı açmaq üçün bütün enerjimi topladım və istəyimə nail olduqdan sonra olduqca sevindim. Axı düşünəcəklərim itməyəcək yenidən yazılacaqdı və sonradan bilgisayarı açan zaman yazdıqlarımı görəcəkdilər, oxuyacaqdılar. Demək mən bir yazar olaraq hələ də yazmaq qabiliyyətimi itirmədiyimi dirilərə sübut edəcəkdim.”Word” proqramını açdıqdan sonra ilk işim düşüncələrimi toparlamaq oldu və az bir zaman ərzində onları yazmağa nail oldum. Bundan sonrakılar “Bir ruhun yazdıqları” adı altında dünyaya yayılacaq, bəlkə də milyonların marağına səbəb olacaq, elmdə yeni bir dönəmin başlanğıcına gətirib çıxaracaqdı.



Mən ruham. Yeddi gün öncə dünyasını dəyişmiş gənc yazarın ruhu. Sizə görə ölmüşəm, mənə görə isə mən əbədi olaraq dirilmişəm. Sizdən mənə heç nə qalmadı, məndən sizə qalacaqlar da fanidir. Sizə görə mənsizlik ölüm qədər acıdır, mənə görə isə ölümün heç bir acılığı yoxdur. Görürsünüz mən necə də dəyişmişəm. Məni heç kim ölüm bacaran qədər dəyişə bilməzdi. Nə anam, nə atam, nə də hər gün saçlarını tumarladığım biricik sevgilim. Nə də bütün bunları mənə bəxş eləyən həyat. Həyatdakı bütün sevinclər, kədərlər, problemlər, düşüncələr. Heç nə. Mən sizin dünyanızda olduğundan milyon dəfə daha səmimiyəm. Bütün bunları belə başladım ki, biləsiniz. Biləsiniz ki, sizin dünyanızda heç nə ölüm qədər təsirli deyil və indiki dünyam qədər gözəl deyil. Ruhumun varlığını daha çox indi duya bilirəm. İndi duya bilirəm həqiqətin varlığını. Hər kəs ruhuna bağlıdır amma, heç kəs bu bağlılığı mənim öncəki dünyamda tam yaşaya bilmir, tam nədir heç milyonda birini desəm yenə azdır. Gec-tez hamınız anlayacaqsınız ruhun nə demək olduğunu. Mən sadəcə azacıq məlumat vermək üçün yazıram yaza bildiklərimi. Yaza bilmədiklərim daha çoxdur. Çünki zaman azdır, sizlərin evdə olmadığı zamanı deyirəm. Siz evdə çox olursunuz və mən də həmişə yaza bilməyəcəm. Düşündüklərimi də sizə çatdıra biıməyəcəm. Mənə verilən bu az zaman icazəsini dəyərləndirə bilmək üçün çalışıram. Hər nə yazacamsa qənimətdir. Mən sizin dünyanızda bir an belə tamam xoşbəxt ola bilmədim. Maskalanmış insanalr, itirilmiş dəyərlər, ölmüş vicdanlar, süni təbəssümlər arasında necə xoşbəxt ola bilərdim axı? Hər gün internetdən, televiziyadan eşitdiyim qan xəbərləri, ata-oğul, qardaş-bacı bıçaqlanmaları necə xoşbəxt edə bilərdi məni və ya xoşbəxt olmağa haqqım vardımı mənim? Yox, əlbəttə ki, yox. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlardan olmaq düşüncəsi necə xoşbəxt edə bilərdi məni? Məni, məni, məni çoxlu deyə bilərəm sizə bu mənilərdən. Sonda bu “məni”lər bir nöqtədə cəmlənir. O da xoşbəxtliyini rədd eləyən adamların cəmləşdiyi məkandır. Sizlər mənə acıyırsınız, cavan öldü deyirsiniz. Əslində hər şey əksinədir, acınılası mən deyiləm, sizsiniz. O sizlər ki, xoşbəxtliyi tapmaq üçün çapalayırdınız, çapalayırsınız və çapalayacaqsınız. Ancaq hər nə qədər çapalasanızda tapa bilməyəsəksiniz. Çünki həqiqi xoşbəxtliyin məkanı deyil yaşadığınız dünya. Süni xoşbəxtliklərlə aldadıb başınızı, ətinizi yeyir o dünya. Sizlərsə hər gün daha bağlanırsınız dünyaya, dünya sizdən hər an uzaqlaşdıqca, siz ona daha da yaxın olmaq istəyirsiniz. Oyun kimidir dünya həyatı, mənim dünyamda isə hər şey təbii və ecazkardır. Şübhəylə yanaşacaqsınız amma, mən sizin dünyanıza əsla qayıtmaq istəməzdim. Çünki sadaladıqlarımı yenidən yaşamaq özümə qarşı ən böyük təhqir olardı. Hə, necə düşünürsünüz düşünün , mən ruham. Ruhlar yalan söyləməz və ya ruhun dəlisi olmaz. Mən heç zaman dəli olmadım zatən.
Sonda ey o dünyanın süni adamları. Hamınıza səslənirəm. Yazdıqlarımı sona kimi oxuyun, məndən nigaran olmayın. Əksinə mən sizlərdən nigaranam ki, ruhunuzu itirməyəsiniz deyə. Əgər olan-qalan ruhunuzu da itirsəniz o zaman tamamilə məhv olacaqsınız. Yeganə yazmaq ehtirasımın mənimlə sonsuza qədər var olacağını düşünmək daha da sevindirir məni. Çünki ruhumun varlığı, yazmağımın da varlığı deməkdir. Bütün bunlara görə ruhuma borcluyam və mən ruh bir yazaram. Ruh bir yazar olaraq da yazmağıma davam edəcəyəm. Siz evdə olmayan müddətlərdə bilgisayarımı açıb yazacağam və siz də oxuyaraq yazılarımı internet saytları, sosial şəbəkələrdə bu adla paylaşacaqsınız. “Bir ruhun yazdıqları”.

27.12.2011 2:45:03
HY